Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata əsasən, Mədəni İnqilab üzrə Ali Şuranın katibi Höccətül-İslam vəl-müslimin Əbdülhüseyn Xosrov Pənah fəlsəfə və texnologiya sahələrinin görkəmli alim və mütəxəssisləri ilə keçirilən birgə iclasda süni intellekt və kvant texnologiyaları sahəsindəki müasir dəyişikliklərlə bağlı fəlsəfi aspektlərin araşdırılması və izahının əhəmiyyətini vurğulamışdır.
O, “bugünkü elmi və texnoloji dəyişikliklər hər zamankından daha çox dərin və əsaslı fəlsəfi mülahizələrə ehtiyac duyur” deyə qeyd edərək bildirmişdir ki, milli səviyyədə təhsil, tədqiqat və idarəetmə sahələri daha fəlsəfi yanaşma və aydın, dəqiq nəzəri əsaslar üzərində formalaşdırılmalıdır.
Ali Şuranın katibi bəyan etmişdir ki, hazırda Şura elmin və texnologiyanın yeni sahələrində mənəvi və mədəni əsaslara söykənən ahəngdar inkişafı təmin edə biləcək bir sənəd hazırlamaqdadır. Bu istiqamətdə, keyfiyyətin və səmərəliliyin artırılması məqsədilə zəruri islahatlar və yenidən baxışlar da həyata keçiriləcəkdir.
O, bu sahənin mütəxəssisləri arasında mövcud fikir müxtəlifliyinə toxunaraq demişdir: “Üstünlük məsələlərində, o cümlədən ‘süni intellekt fəlsəfəsi’ ilə ‘kvant rabitələrində alqoritmlərin fəlsəfəsi’ arasında fərqli baxışların olması elmi dinamizmin göstəricisidir və düzgün idarə olunduğu halda müzakirələrin dərinləşməsinə səbəb ola bilər.”
Höccətül-İslam vəl-müslimin Xosrov Pənah vurğulamışdır: “Bu iclasın keçirilməsinin məqsədi yeni rəsmi bir struktur yaratmaq deyil. Əksinə müasir texnologiyalarla bağlı fəlsəfi müzakirələrin təşkili və dərinləşdirilməsi istiqamətində təsirli bir addım atmaqdır.”
O, həmçinin universitet professorlarının və ilahiyyat təhsilli alimlərin iştirakına görə minnətdarlığını bildirərək qeyd etmişdir ki, “elmin və texnologiyanın fəlsəfəsi kimi fənlərarası sahələrdə akademik və dini elmi mühitlərin qarşılıqlı əlaqəsi, elmi və intellektual sinerjinin yaranması üçün dəyərli bir zəmin yarada bilər.”
Mədəni İnqilab üzrə Ali Şuranın katibi fəlsəfə və müasir texnologiyalar mövzusunda ixtisaslaşmış bir konfransın universitetlərdən birində təşkili təklifini irəli sürərək əlavə etmişdir ki, belə bir tədbir fəlsəfə, elm və texnologiya sahələrindəki alimlər arasında elmi dialoqun və əməkdaşlığın genişlənməsinə şərait yaradacaqdır.
Sonda o, belə qeyd etmişdir: Hər bir fəlsəfi məsələ əgər o, ağıllı idarəetmənin təkmilləşməsinə və ya elmin və texnologiyanın inkişafına yardım göstərə bilirsə, araşdırılmağa və müzakirəyə layiqdir. Növbəti iclaslarda bu mövzular daha ixtisaslaşmış şəkildə təhlil ediləcək və bu sahədə həm fundamental, həm də tətbiqi xarakterli məsələlər toplusu formalaşdırılacaqdır.
Rəyiniz